O, sadə vətəndaşdır, hamı kimi normal həyat sürür. Onun fərqli tərəfi normal həyatı tərcih etməsi və istədiyi kimi yaşamasıdır. Son 1-2 ildə heç nə etmir, 1 velosipedi, 4 çantası ilə şəhərdən-şəhərə, ölkədən-ölkəyə, qitədən-qitəyə demokratiya naminə pedal fırladır. Deyir ki, Avropanı keçmək ona asan olacağını düşünürdü, çünki əvvəl Amerikanı keçdiyinə görə təcrübəsi artıq kifayət qədər idi. Hər bir velosəyyahın qorxacağı şey səyahətin müəyyən səbəblərdən yarımçıq qalması olduğunu deyən qəhrəmanımız Yaşar Xudiyev eyni zamanda digər səbəblər: xəstəlik, səhhətlə bağlı olacaq digər problemlər, velosipedin qırılması, vəhşi təbiət və s. hadisələr buna səbəb olduğunu vurğulayır.

Yaşar bəy, velosəyahətiniz barədə danışmağınızı istərdik. Necə oldu bu qərara gəldiniz?

İlk velosəyahətim 2014-cü ildə başladı. 2012-ci ildə Amerikaya təhsilimlə əlaqədar gedəndən bu günə kimi tək nəqliyyatım velosiped olub və velosipedi orda sevmişəm. Təsəvvür edin, professorunuz ilə magistralda ikiniz də velosipedlə dayanırsınız. Necə sevinməmək olar?  O vaxt yay tətilində ABŞ-ı şərqdən-qərbə 5000 km keçdim. Yürüşümü o vaxt “Nida vətəndaş hərəkatı”nın həbsdə olan üzvlərinə həsr etmişdim, dəstəyimi onlara bu cür ifadə edirdim.Sonra qərara aldım ki,  velosəyahəti davam etdirim. 2015-i ilin may ayından Bakıdan başlayıb, Avropa üzərindən keçib, Afrika qitəsinə çatıb, ordan isə şərqi Afrika ilə hərəkət edərək tam cənub burnuna, Keyptauna getməyi qərara aldım.

Afrikada əşyalarınızın müsadirə olunduğunu və özünüzün də zədə aldığınızı öyrəndik. Hadisə necə baş verdi?

foto3

Dekabrın 28-də Cənubi Sudanın Kapoeta mahalından 32 km şərqə doğru, Kenya sərhəddinə 55km qalmış 4 quldurun hücumuna məruz qaldım. Onlar kolluqdan çıxıb mənə hücum etdilər və daşla vurmağa başladılar, sonra məni kolluğa sürüdülər, orda döyüb əşyalarımın bəzilərini yandırıb, digərlərini isə götürdülər. Xəstəxana xərclərimi Cənubi Sudan dövləti üzərinə götürdü. Xəstəxanada dərmanlar çox olmasa da, bacardıqları köməklikləri edib məni həyata qaytardılar, hətta gündəlik yeməyim üçün ümumi 100 dollar kömək olundu və 23 gün xəstəxanada yatdım.

Müxtəlif ölkələri velosəyahət edib, müxtəlif insanlarla tanış oldunuz. Sizcə, axtardığınız azadlığı hansısa ölkədə tapa bildiniz mi?

Demokratiya və azadlıq Avropada və hər yerdə var. Mənim məqsədim demokratiya axtarmaq deyil, Azərbaycandakı siyasi durum barədə dünya ölkələrinə və təşkilatlarına məlumat verməkdir. Demokratiya adına pedalla olan səfərim Türkiyə, Fransa və yerli mətbuatda işıqlandırıldı və İspaniyada bir neçə videomüsahibə verdim.


foto5İdealınıza çevrilən bir ölkə oldumu?

Bütün ölkələr fərqli olaraq yadda qalır, lakin İspaniya, Mərakeş və Sudanı bu siyahıya qatmaq olar, o yerlər  daha maraqlı idi. Mərakeş və Sudanın təbiəti əsrarəngiz idi. Biri dağlıq, digəri isə tam səhra, insanları qonaqpərvər. Qarşılaşdığım insanlar barədə çoxlu hekayələr yazdım. İspaniya isə tamamilə başqa idi. İspanlar digər Avropa ölkələrinin əhalisinə görə istiqanlıdırlar, həm də həmin ölkədə gözəl insanlarla tanış oldum və çoxlu dostlar qazandım. Ən yüksək Sierra Vevada dağlarında Pice del veta 3390 hündürlükdə yerləşən əraziyə velosipedlə dırmandım. Fransa-İspaniya sərhəddində Piriney dağlarını aşdım.

foto4Bəs bunun əksi olaraq, hansı ölkəyə bir daha səyahət etmək istəməzdiniz?

Misiri və sistemini sevmədim. Yenidən ora səfər etmək istəməzdim. Fotoaparatım müsadirə edildi və şəkillərim silindi. Şəhərdə özümü casus kimi hiss edirdim. Mənə casus gözü ilə baxırdılar. Qahirədə şəkil çəkmək istəyəndə çoxlu mübahisələr yaşadım və dəfələrlə səbəb göstərilmədən polis tərəfindən saxlanılıb, yoxlanılırdım. Misir bir polis ökəsidir.

foto6Yenidən velosəyahətə çıxmaq istəyirsinizmi və budəfəki planlarınız hansı ölkələrdir?

Mənim velosəyahətim hələ də davam edir, bitməyib. Bir müddət səhhətimin düzəlməsi üçün Nayrobidə olmalıyam. Bir müddət də həm velosipedimi düzəltdirəcəm, həm də itmiş əşyalarımı tamamlayacam. Mart ayından səyahətimi davam etdirməyi düşünürəm. Məni qarşıda Tanzaniya, Malavi, Mozambik, Swaziland və nəhayət Cənubi Afrika gözləyir. Səyahət bitdikdən sonra Azərbaycana qayıdıb bir müddət istirahət edəcəm.