Yəqin ki, qohumlarınız və dostlarınızdan Çernobıl haqqında müxtəlif şeylər eşitmisiniz. “Çernobıl hələ də radiasiyalı ərazidir, ora heç kim getmir və  getmək çox təhlükəlidir” və s.

Bu yaxınlarda təcrübə proqramım üçün Ukraynada idim. Söhbət əsnasında orda qalan dostlarımdan biri Çernobıla getdiyini dedi. Bir az qəribə oldum.. Çernobıl?  Əslində o vaxta qədər heç ora insanların gedib-getməməsini ilə bağlı google vasitəsi ilə axtarış vermək  ağlıma gəlməmişdi. Bundan sonra mən də ora getmək qərarına gəldim, amma necə?

Çernobıla səfər üçün Kiyevdən xüsusi turlar təşkil olunur. İnternetdə “Chernobyl tour from Kyiv” yazaraq müxtəlif turlar tapdım və qərara aldım ki, həmin turların birindən istifadə edim.

Tur seçimi zamanı bir az ehtiyyatlı olun, çünki bütün turlar yaxşı deyil. Ora gedən zaman özünüz də daha çox xaricilərin ora getmək istəməsinə can atdığını görəcəksiniz. Misal üçün, mənim  olduğum 40 nəfərlik avtobusda cəmi 3 ukraynalı var idi. Onlar da tur bələdçiləri və avtobus sürücüsü idi.

Əgər, rus dilini bilmirsinizsə, bu tur sizin üçün hardasa 40 dollar baha başa gələcək. Yemək daxil olmaqla cəmi 124 dollar ödəniş etdim və avqustun 5-i yola düşdüm.

Çernobıl Kievdən 139 km uzaqlıqda yerləşir. Bu da təxminən avtobusla 1 saat 40 dəqiqə edir. Bütün insanlar kimi mən də ora gedən zaman yolda narahatlıq keçirirdim, amma tur bələdçisi bizə lazım olan məlumatları tam dəqiqliklə verərək narahatlığa əsas olmadığını bildirdi.

İlk şərt odur ki, Çernobıla səfər zamanı geyiminiz tamamilə qapalı olmalıdır. Əgər, qısa qol kofta, köynək, ya da şortik geyinmisinizsə, Çernobıla daxil olan zaman polislər ora keçmənizə icazə verməyəcək.

Çernobıla daxil olandan sonra orada olan heç nəyə toxunmamağa çalışın. Çünki ərazidə radiasiyanın səviyyəsi yüksək olaraq qalmaqdadır və bu da sizin sağlamlığınız üçün birbaşa təhlükəlidir. Bunu unutmayın.

Ukrayna hökuməti Çernobılda insanların səfər etdiyi əraziləri dəfələrlə təmizləməsinə baxmayaraq radiasiyanın yüksək olduğu ərazilər hələ də qalmaqdadır.

İstədiyiniz yerlərdən istədiyiniz qədər fotolar çəkə bilərsiniz. Heç bir polisin və nəzarət keçid məntəqəsinin fotolarını çəkməyin. Əgər, çəksəniz foto kameranızı polislər əlinizdən alaraq içərisindəki bütün fotoları siləcəklər.

Əslində, Pripyatda binaların içərisinə daxil olmaq qadağandır. (Qaydalar pozulmaq üçün yazılıb! :)) Binanın içərisinə daxil olan zaman  çalışın 3 dəqiqədən artıq qalmayın, çünki  binaların içərisində radiasiyanın dərəcəsi yüksəkdir.

Əgər, Çernobıla gedirsinizsə, mütləq Zalussya, Radar-Duga-1, Qırmızı meşə və Pripyata gedin.  Radar-Duga-1 haqqında oxuduğum məlumata görə, 2014-cü ilə qədər insanların ora girişinə icazə verilməyib, lakin indi ora daxil olmaq mümkündür.

Qırmızı meşəyə gedən zaman, gözləntilərim başqa idi. Düşünürdüm ki, tamamilə qırmızıya boyanmış meşə ilə qarşılaşacam. Amma ora çatdıqda hər şey bir az fərqli olduğunu gördüm.  Bizə bildirdilər ki, nüvə partlaşıyı baş verən zaman radiasiya səbəbindən ağaclar rəngini dəyişərək qırmızıya boyanıb. Buna görə də, bu ərazini “qırmızı meşə” adlandırıblar.  Sonra Ukrayna hökuməti həmin ağacları kəsərək təmizlik işləri aparıb.

Həmin meşəyə giriş bir az təhlükəlidir, çünki dosimeter aparatı ilə radiasiyanın dərəcəsini yoxlasanız, radiasiyanın nə dərəcədə yüksək olduğunu görə bilərsiniz.

“Zalissiya” adlanan kəndə tərk edilmiş müxtəlif evlər, oyuncaqlar, ayaqqabılar ilə qarşılaşacaqsız. Nüvə partlayışı baş verən zaman insanlar evakuasiya olunanda onlara evlərindən heç bir əşya götürməyə icazə verilməyib. Bu səbəbdən yaşıllaşmış ayaqqabılar, oyuncaqlar görsəniz, bu sizin beyninizdə sual yaratmasın.

Ən əsas və hamının gözlədiyi yer-“Pripyat”. Biz 1 saat 40 dəqiqə həmin şəhəri gəzməyə, binaları görməyə sərf etdik. Pripyatda daha çox diqqətli olmağınız vacibdir, çünki nüvə partlayışı baş verən ərazidən 10 km uzaqda olduğunuzu unutmayın.

Əgər, sualınız varsa, cavablandırmağa hazıram.